“Brayton”da “Barselona”dan icarə əsasında çıxış edən ispaniyalı sol vinger Ansu Fati Premyer Liqada “Nottingem Forest”lə oyunda zədələnib.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Fati “qağayılar”ın səfərdə 3:2 hesabı ilə qalib gəldiyi oyunun 21-ci dəqiqəsində zədələnərək, əvəzlənib.
Mənbənin məlumatına görə, ispaniyalı futbolçunun zədəsinin ciddiliyi və sağalma vaxtı barədə hələlik məlumat yoxdur.
Xatırladaq ki, gənc futbolçu hazırda karyerasında 11 zədə ilə üzləşib. Fatinin aldığı ən ağır zədə menisk yırtığı olub, buna görə Fati 305 gün futbolsuz qalıb.
Fati “Brayton”da cari mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Daha sonra futbolçunun “Barselona”ya qayıdışı nəzərdə tutulurdu, belə ki, Fati kataloniyalıların ümidverici futbolçularından biri kimi qiymətləndirilirdi. Mütəmadi çoxsaylı zədələrdən sonra idman formasının bərpasında çətinlik çəkən Fatinin “Barselona”nın heyətində güclü rəqabət mənzərəsində “əriməməsi” üçün, Kataloniya klubunun rəhbərliyi onu “Brayton”a icarəyə göndərməyi daha düzgün bilmişdi.
Cari mövsümdə Fati “Brayton”un heəytində 14 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
Ansu Fati 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 21 yaşlı Ansu Fatini 35 milyon avro məbləğində qiymətləndirir.


