Antidopinq prokurorluğu Poqbanın 4 illik cəzalanmasını istəyir

İtaliya Antidopinq Prokurorluğu “Yuventus”un fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqbanın 4 illik diskvalifikasiyasını istəyib.

Arena.az bu barədə “La Repubblica” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, avqustun sonunda Poqba testosterona görə dopinq yoxalmasından müsbət keçib. Təkrar yoxlama da ilkin nəticəni təsdiqləyib. Hazırda Poqba müvəqqəti olaraq futboldan kənarlaşdırılıb.

Daha əvvəl, Poqbanın dopinq yoxlamasının nəticəsinin müsbət çıxdığına görə, “Yuventus”un fransalı futbolçunun maaşını ayda 2 min avroya endirəcəyi bildirilirdi.

Fransız yarımmüdafiəçi “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib.

Poqba geridə qalmış mövsümündə “qoca sinyora”nın heyətində meydana çıxdığı 10 oyunda cəmi 161 dəqiqə keçirib, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə fransalı yarımmüdafiəçi turinlilərin heyətində 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Pol Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Pol “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı Pol Poqbanı 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: