“Xetafe” heyətini 3 yeni futbolçi – yarımmüdafiəçi Serci Altimira, hücumçu Antoni Losano və qapıçı Daniel Fuzato ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Barselona”nın yetirməsi olan Serci Altimira “Xetafe” ilə 4 illik müqavilə bağlayıb. O, 2019-cu ildən “Sabadell”də çıxış edirdi. 21 yaşlı ispan futbolçu bu komandada 62 oyuna 1 assistlə yadda qalıb.

Antoni Losano “Xetafe” ilə 3 illik anlaşıb. Hondurasdan olan 30 yaşlı forvardın sonuncu iş yeri “Kadis” olub. O, 2019-cu ildən formasını geyindiyi La Liqanın digər klubunda 124 oyuna 20 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Losano “Tenerife”, “Jirona”, “Valensiya”, “Alkoyano” və “Olimpiya” klublarında da oynayıb. O, Honduras yığmasında 40 oyun keçirib, 9 qol vurub.
“Xetafe” “İbiza” klubundan qapıçı Daniel Fuzatonu da icarəyə götürüb. 26 yaşlı braziliyalı qarşıdakı mövsümün sonuna kimi La Liqa klubunda icarədə olacaq. O, “İbiza”da 37 oyun keçirib. Qapıçı daha öncə İtaliyada “Roma”nın da formasını geyinib.

“Xetafe” Madrid “Real”ının hücumçusu Xuanmi Latasanı da heyətində saxlayıb. Klub onu ötən ilin avqustunda icarəyə götürmüşdü. Tərəflər bu icarə müddətinin 2024-cü ilin 30 iyununa kimi uzadılmasına razılaşıblar.

İspaniyalı forvard “Real”ın yetirməsidir. 22 yaşlı futbolçu daha öncə “kral klubu”nun B komandasında çıxış edib. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına kimidir. Gənc forvard “Real Madrid Kastilya”da 50 oyuna 18 qol vurub. O, həm də İspaniyanın U-19 və U-20 yığmalarında oynayıb. Latasa “Xetafe”də də 21 oyuna 2 qolla yadda qalıb.
“Xetafe” hücumçusu Dario Poveda ilə yarımmüdafiəçisi Sabit Abdulayı da müvafiq olaraq “Leqanes” və “Luqo” klublarına icarəyə verib. Hər iki futbolçunun qarşıdakı mövsümün sonunadək icarədə olcaqları açıqlanıb.
La Liqa təmsilçisində Qonsalo Vilyar, Jordan Amavi, Kiko Kasilya, Dieqo Konde, Munir El Haddadi və Qaston Alvareslə də yollarını ayırdığını açıqlayıb. Klub müqaviləsinin müddəti bitən futbolçularla əməkdaşlığı davam etdirmək istəməyib.


