İngiltərənin “Mançester Yunayted” klubunun braziliyalı vingeri Antoni ona qarşı zorakılıq iddiaları ilə bağlı rəsmi açıqlama verib.
Arena.az məlumat verir ki, o, bu barədə özünün sosial şəbəkə hesablarında yazıb:
“Yunayted”lə razılaşdım ki, mənə qarşı ittihamlara baxılarkən məzuniyyət götürəcəyəm. Bu, komanda yoldaşlarımın fikrini yayındırmamaq, klubda lazımsız mübahisələrə səbəb olmamaq üçün qarşılıqlı qərar idi.
İttiham edildiklərimlə bağlı, təqsirsiz olduğumu bir daha sübut etmək istəyirəm və polisə həqiqətin üzə çıxarılmasına kömək etmək üçün onlarla tamamilə əməkdaşlıq edəcəyəm. Oyuna mümkün qədər tez qayıdacağıma ümid edirəm”.
Xatırladaq ki, bir qədər əvvəl “Mançester Yunayted” Antonini müvəqqəti olaraq məşqlərdən kənarlaşdırdığını rəsmən bəyan etmişdi. Klub müvafiq ittihamların araşdırılmasını və növbəti icraat haqda səlahiyyətli orqanların qərarını gözləyir.
ESPN-nin məlumatına görə, Antoni yaşıl meydanlardan kənarda qadığı müddətdə klub tərəfindən müəyyən edilmiş əməkhaqqını almaqda davam edəcək. O da bildirilir ki, “Mançester Yunayted”in bu işlə bağlı qərarları komandanın baş məşqçisi Erik ten Haqla söhbətdən sonra, klubun icraçı direktoru Riçard Arnold tərəfindən imzalanıb. Braziliyalı vingerin kluba qayıtma vaxtı hələ məlum deyil.
Xatırladaq ki, daha əvvəl Antoninin keçmiş məşuqəsi Qabriela Kavallin futbolçunun ailədaxili zorakılığı barədə danışmış, onu müvafiq məsələdə ittiham etmişdi. Daha sonra braziliyalı oyunçu özü də bəyanat verərək saxta ittihamların qurbanı olduğunu bəyan edib. Bundan sonra isə daha iki qadın Antonini cinsi zorakılığa cəhddə ittiham etmişdi.
Müvafiq məsələ ilə əlaqədar Braziliya millisinin rəhbərliyi də Antonini müvəqqəti olaraq komandadan kənarlaşdırıb.
“Mançester Yunayted” “San-Paulu”nun yetirməsi olan Antonini “Ayaks”dan transfer edib. O, ötən mövsüm MY-nin heyətində 44 oyuna 8 qol vurub, 3 məhsuldar ötürmə verib, komandası ilə İngiltərə Liqa Kubokunu qazanıb. Cari mövsümdə isə braziliyalı cəmi 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Antoninin klubla müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Futbolçu 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisində 16 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Antonini 60 milyon avro məbləğində qiymətləndirir.


