Antonio Blanko “Real”dan birdəfəlik ayrıldı – Bu kluba görə

“Alaves”in bu ilin yanvar ayında “Real”dan icarəyə götürdüyü Antonio Blanko Madrid təmsilçisindən birdəfəlik ayrılaraq bu kluba keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

23 yaşlı ispan yarımmüdafiəçi “Alaves”lə 4 illik müqaviləyə imza atıb. O, geridə qalan mövsümdə icarə əsasında oynadığı bu komandada 19 oyun keçirmişdi.

Antonio Blanko “Real”ın öz yetirməsidir. Amma o, klubun əsas komandasında cəmi 6 oyun keçirib. Futbolçu “Alaves”dən öncə “Kadis”də də icarədə oynamışdı.

“Real”ın digər yetirməsi, 21 yaşlı mərkəz müdafiəçisi Rafa Marin də “Alaves”ə keçib. İspan futbolçu qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb. Blankodan fərqli, Marin Madrid klubunun əsas komandasında debüt şansı qazanmayıb.

“Alaves” Madridin digər təmsilçisi “Atletiko”dan da Culyano Simeoneni icarəyə götürüb. “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğlu olan 20 yaşlı hücumçu da qarşıdakı mövsümün sonuna kimi “Alaves”də forma geyinəcək. İtaliya vətəndaşlığı olan gənc forvard ötən mövsümü də “Saraqosa”da icarədə keçirib. O, bu komandada 37 oyuna 9 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Dieqo Simeone oğluna “Atletiko”nun əsas komandasında cəmi 1 oyunda şans verib.

“Alaves”in mərkəz müdafiəçisi Floryan Lejen də “Rayo Valyekano”ya keçib. Klub bu satışdan 2,5 milyon avro qazanıb. 32 yaşlı fransız yeni klubu ilə 4 illik müqavilə bağlayıb. O, 2020-ci ildən formasını geyindiyi “Alaves”də 67 oyuna çıxıb, 1 qol və 1 assist müəllifi olub.

Yeri gəlmişkən, “Rayo Valyekano” “Kadis”dən Alfonso Espinonu da transfer edib. Uruqvaydan olan 31 yaşlı sol cinah müdafiəçisi ilə azad agent kimi 3 illik müqavilə imzalanıb. O, 2019-cu ildən formasını geyindiyi “Kadis”də 150 oyuna 3 qol vurub, 13 məhsuldar ötürmə edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: