Antonio Kandreva “Sampdoriya”ya qayıtmaqdan imtina etdi

Bu mövsümün əvvəlində “Sampdoriya”dan icarə əsasında “Salernitana”ya keçən Antonio Kandreva indiki komandasında qalmağa qərar verib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi 36 yaşlı futbolçunun transfer hüquqlarını alıb.

“Salernitana” ötən ilin avqust ayında satınalma şərti ilə icarəyə götürdüyü yarımmüdafiəçinin birdəfəlik transferi üçün “Sampdoriya”ya cəmi 500 min avro ödəyib. Halbuki, sözügedən klub təcrübəli futbolçunun bir mövsümlük icarəsi üçün 1 milyon avro ödəmişdi. Lakin “Sampdoriya”nın bu mövsüm A Seriyasını tərk etməsi Kandrevanın özünün də bu kluba qayıtmaq istəyinin üstündən xətt çəkib. O, elitadakı yerini qorumağa daha yaxın olan “Salernitana”da qalmaqda israrlı olub. Lakin onun bu klubla yeni müqaviləsinin müddəti açıqlanmır. İtaliya mətbuatı isə tərəflərin 2024-cü ilin yayına qədər anlaşdığını iddia edir.

Xatırladaq ki, Antonio Kandreva mövsümün əvvəlindən bəri “Salernitana”da 32 oyuna çıxıb. O, bu görüşlərdə 5 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

İtaliyalı futbolçu daha öncə “Latsio” (192 oyun, 45 qol, 43 asist), “İnter” (151 oyun, 18 qol, 31 asist), “Sampdoriya” (76 oyun, 12 qol, 21 asist), “Livorno” (56 oyun, 2 qol, 5 asist), “Ternana” (49 oyun, 2 asist), “Parma” (33 oyun, 3 qol, 1 asist) kimi klubların da formasını geyinib. Onun oynadığı komandalar arasında “Çezena” (21 oyun, 3 qol, 4 məhsuldar ötürmə), “Yuventus” (20 oyun, 2 qol, 2 asist), “Udineze” (8 oyun, 1 asist) də var. Kandreva İtaliya milli komandasında da 54 oyun keçirib, 7 qola imza atıb.

Kaputo da “Sampdoriya”ya qayıtmaq istəmədi

“Sampdoriya”nın bu ilin yanvarında “Empoli”yə icarəyə verdiyi digər hücumçu Françesko Kaputo da geri qayıtmayacaq. O da indiki klubunda qalmağa qərar verib. “Empoli”nin 35 yaşlı forvardın birdəfəlik transferi üçün nə qədər ödədiyi açıqlanmır.

Françesko Kaputo 2017-2019-cu illər aralığında da “Empoli”də forma geyinib. O, bu klubun forması il meydana çıxdığı 100 oyunda 46 qol vurub, 13 məhsuldar ötürmə edib. İtaliyalı hücumçunun “Sampdoriya” karyerası isə 55 oyun, 13 qol və 6 məhsuldar ötürmədən ibarətdir. Kaputo “Bari” (149 oyun, 49 qol, 13 asist), “Virtus Entella” (82 oyun, 35 qol, 13 asist), “Sassuolo” (64 oyun, 32 qol, 16 asist), “Salernitana” (38 oyun, 7 qol), “Noikattaro” (29 oyun, 10 qol) və “Syena” (14 oyun, 3 qol) kimi klublarda da forma geyinib. Hücumçu İtaliya milli komandasında da 2 oyun keçirib, 1 qol vurub.