Antonio Kassano: “Massimiliano Alleqri “Yuventus”dan getməlidir”

İtaliya yığmasının sabiq futbolçusu Antonio Kassano “Yuventus”un baş məşqçisi, italyan mütəxəssis Massimiliano Alleqrini tənqid edib.

Arena.az Kassanonun bu barədə fikirlərini təqdim edir:

“İnter” bu mövsüm çox, çox güclüdür, Amma karyerasının nəticələrə əsaslandığını və üç il ərzində heç nə qazanmadığını deyən Alleqri kənara çəkilməlidir. O, bunu ötən il etməli idi”, deyə Antonio Kassano təcrübəli mütəxəssisi istefaya səsləyib.

Qeyd edək ki, “Yuventus” hazırda Alleqrinin rəhbərliyi altında 62 xalla A Seriyasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komanda mövsümün əvvəlində uğurlu çıxış etsə də, 2024-cü ildə qeyri-sabit nəticələri ilə diqqət çəkir. 31 oyundan 82 xal toplamış “İnter” A Seriyasında vahid liderdir. “Milan” isə 68 xalla 2-ci sıradadır.

Xatırladaq ki, Massimiliano Alleqri 2021-ci ilin may ayından “Yuventus”a rəhbərlik edir. İtalyan mütəxəssisin “qoca sinyora” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Bu müddətdə komanda Alleqrinin rəhbərliyi ilə 142 oyun keçirib, 79 qələbə qazanıb, 29 heç-heçə edib və 34 məğlubiyyətə üzülüb.

Alleqri daha öncə 2014-2019-cu illər aralığında da Turin təmsilçisinin baş məşqçisi olub. Həmin dövrdə turinlilər bu mütəxəssisin rəhbərliyi altında 271 oyun keçiriblər – 191 qələbə, 41 heç-heçə, 39 məğlubiyyət.

Alleqri daha əvvəl İtaliya yüksək liqasında “Milan” və “Kalyari”də də çalışıb. Onun çalışdırdığı komandalar arasında SPAL, “Qrosseto, “Sassuolo” da var.

Məşqçilik karyerası ərzində 56 yaşlı məşqçi 13 titul qazanıb: 11-i “Yuventus”la, 2-si isə “Milan”la.

Xəbəri sosial şəbəkələrdə paylaş: