Antonio Konte “Napoli”nin son mövsümünü xarakterizə etdi

“Napoli”nin yeni baş məşqçisi Antonio Konte komandanın geridə qalmış 2023/2024-cü illər mövsümünü xarakterizə edib.

Arena.az xatırladır ki, ötən mövsümə İtaliya A Seriyasının çempionu adı ilə qatılmış “eşşəkciklər” bərbad oyunla yadda qalaraq, mövsümü 53 xalla 10-cu pillədə başa vurublar.

“Napoli” həmçinin İtaliya Kuboku, İtaliya Super Kuboku, həmçinin Çempionlar Liqasında yarıtmaz oyun sərgiləməklə, bütün cəbhələri əldən verib. Üstəlik, Neapol təmsilçisi mövsümün gedişində vəziyyəti tarazlamağa yönəldilmiş iki məşqçi dəyişikliyi etsə də, bu, səmərə verməyib.

“Əlbəttə, bütün bunlar boşuna getmədi, amma unutmayaq ki, bu, həqiqətən də bütün nöqteyi-nəzərdən çox məyusedici idi. Uşaqlar və mən bütün bunları arxada qoymağa və diqqətimizi bizi gözləyən dəyişikliklərə yönəltməyə çalışırıq.

Gəlin, ötən mövsümü olduğu kimi buraxaq. Heç kim ona şad deyil, amma bizim iki il əvvəlki qalibiyyət təcrübəmiz var. Bu, bizi daha təcrübəli insanlar etməlidir. Biz bunu bir kənara qoymalıyıq, amma gərək olarsa, bu xatirələrə qayıtmalıyıq”, – “Tuttomercatoweb” dərgisi Kontedən sitat gətirir.

Xatırladaq ki, Antonio Konte iyunun 5-də “Napoli” ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: