Futbol üzrə Almaniya yığmasının müdafiəçisi Antonio Rüdiger Madrid “Real”ının təklifini qəbul edib. Arena.az xəbər verir ki, İspaniya klubu artıq bu transferlə bağlı rəsmi saytı vasitəsi ilə açıqlama da yayıb.
İngiltərənin “Çelsi” klubu ilə müqaviləsini yeniləməyən 29 yaşlı futbolçu yeni komandasına azad agent kimi keçib. Almaniyalı müdafiəçinin Lonton təmsilçisi ilə müqaviləsi bu ayın sonunda başa çatacağı üçün o, hələ “Real”la rəsmi müqaviləyə imza atmayıb. 29 yaşlı oyunçu ilə iyunun 20-də müqavilə imzalanacağı diqqətə çatdırılıb.
Onun İspaniya klubu ilə 4 illik müqaviləyə imza atacağı iddia olunur. Yeni klubuna azad agent kimi keçəcək müdafiəçinin buna görə əlavə 10 milyon avro qazanacağı bildirilir. Madrid təmsilçisinin hətta ona 400 milyon avro qiymət qoyduğu da qeyd olunur.
Antonio Rüdiger 2017-ci ilin yayında İtaliyanın “Roma” klubundan 35 milyon avro qarşılığında “Çelsi”yə transfer olunmuşdu. Almaniyalı stopper London təmsilçisində bütövlükdə 202 matça çıxıb. Bu oyunlarda 12 qol vuran futbolçu, 7 məhsuldar ötürmə müəllifi də olub. Rüdiger “zadəganlar”ın heyətində UEFA Çempionlar Liqasının, Avropa Liqasının, İngiltərə Federasiya Kubokunun, UEFA Super Kubokunun qalibi adını qazanıb.
Almaniyanın “Ştutqart” klubunun yetirməsi olan Rüdiger, “Roma”dan öncə məhz Bundesliqa təmsilçisində çıxış edib. Almaniya yığmasında 50 oyuna çıxan müdafiəçi, 2 qol da vurub.


