Antonio Rüdiger: “Real”dan getməyə hazırlaşmıram”

“Real”ın 32 yaşlı almaniyalı mərkəz müdafiəçisi Antonio Rüdiger “qaymaqlılar”ın düşərgəsindəki gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az almaniyalı futbolçunun müvafiq cavabını təqdim edir:

“Yaxın gələcəkdə heç yerə getməyə hazırlaşmıram. Bununla bağlı söz-söhbətlərə başqa şərh vermək istəmirəm”, deyə Rüdiger vurğulayıb.

Etiqadca müsəlman olan Antonio Rüdiger afrikaəsillidir – atası afro-alman, anası isə Syerra-Leonedəndir. Antonio böyük futbola yetirməsi olduğu “Ştutqart” futbol akademiyasından gəlib. Buradan da 2015-ci ilin avqustunda icarə əsasında “Roma”ya transfer edilib. Tədricən oyun səviyyəsini və keyfiyyətini artırmaqda olan Rüdiger tamhüquqlu əsasda “Roma”da yerini möhkəmlədib və 2017-ci ilin iyulunda “Çelsi”yə keçib. Londonda çxışı müddətində daha da püxtələşmiş Rüdigeri 2022-ci ilin iyulunda “Real” “zadəganlar”dan azad agent qismində “oğurlayıb”. Almaniyalı müdafiəçinin “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rüdiger “Real”ın heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 2 qola imza atıb. Almaniyalı müdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 143 oyun, 6 qol, 2 məhsuldar ötürmə.

Antonio Rüdiger 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində bu günə qədər 79 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Antonio “bundestim”in əsas heyətinə U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə, özünün əməksevərliyi və çalışqanlığını sübut etməyi sayəsində düşə bilib. Rüdiger Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı almaniyalı müdafiəçinin transfer dəyərini 24 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: