“Real”ın almaniyalı mərkəz müdafiəçisi Antonio Rüdiger La Liqanın 19-cu turunda “Malyorka” ilə ev oyununda vurduğu qolu şərh edib.
Arena.az “Real”ın rəsmi saytına istinadən, Rüdigerin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Boş məkan tapmaq asan deyildi, ona görə də mən bu qolu vurduğum üçün çox şadam. Biz onu məşq etmişdik. Karvaxal özünü yaxşı göstərir. Modriçin ötürməsi çox yaxşı idi, topa yaxşı uyğunlaşdım və bu, yaxşı kəllə zərbəsi oldu”, deyə Rüdiger razılıqla bildirib.
Xatırladaq ki, Rüdigerin oyunun 78-ci dəqiqəsində vurduğu qol yeganə olub və “Real”a liderliyini sürdürməyə imkan verib.
La Liqanın birinci dövrəsindən, 19 turdan sonra “Real” 48 xalla turnir cədvəlində “Jirona” ilə şərikli liderdir. “Kral klubu” eyni miqdarda xal toplamış Kataloniya təmsilçisini daha yaxşı top fərqinə görə qabaqlayır. “Malyorka” isə 18 xalla 14-cü pillədədir.
Antonio Rüdiger afrikaəsillidir – atası afro-alman, anası isə Syerra-Leonedəndir. Antonio böyük futbola yetirməsi olduğu “Ştutqart” futbol akademiyasından gəlib. Buradan da 2015-ci ilin avqustunda icarə əsasında “Roma”ya transfer edilib. Tədricən oyun səviyyəsini və keyfiyyətini artırmaqda olan Rüdiger tamhüquqlu əsasda “Roma”da yerini möhkəmlədib və 2017-ci ilin iyulunda “Çelsi”yə keçib. Londonda çxışı müddətində daha da püxtələşmiş Rüdigeri 2022-ci ilin iyulunda “Real” “zadəganlar”dan azad agent qismində “oğurlayıb”. Almaniyalı müdafiəçinin “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rüdiger “Real”ın heyətində bütün yarışlarda 24 oyuna 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Almaniyalı müdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 77 oyun, 3 qol, 1 məhsuldar ötürmə.
Antonio Rüdiger 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində bu günə qədər 66 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. Vurğulayaq ki, Antonio “bundestim”in əsas heyətinə U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə, özünün əməksevərliyi və çalışqanlığını sübut etməyi sayəsəində düşə bilib. Rüdiger Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.


