Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Nant” komandasının baş məşqçisi Antuan Kombuare istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
59 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb. Komandanı mövsümün sonuna kimi Pyer Aristuinin çalışdıracağı açıqlanıb.
Xatırladaq ki, Antuan Kombuare 2021-ci ilin fevral ayından “Nant”a rəhbərlik edirdi. O, bu komandanı 2021/2022 mövsümündə Fransa kubokunun qalibi edib. Bu mövsüm isə sözügedən kollektiv Avropa Liqasında 1/16 finala, Fransa kubokunda finala qədər irəliləyib. Lakin həlledici oyunda “Tuluza”ya böyük hesabla uduzan komanda gümüş medallarla kifayətlənib.
Liqa 1-də isə “Nant” çox uğursuz mövsüm keçirir. 34 oyunda cəmi 32 xal toplamış komanda 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb və elitanı tərk etməyə əsas namizədlərdən biridir. Cəmi 6 qələbəsi olan kollektiv, 14 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.
Kombuare “Nant”ı bütövlükdə 109 oyuna çıxarıb. Komanda bu matçlarda 42 qələbə qazanıb, 28 heç-heçə edib və 39 məğlubiyyətə üzülüb.
Fransalı mütəxəssi daha öncə “Tuluza”, “Dijon”, “Genqam”, “Lans”, “Əl-Hilal”, PSJ, “Valensyen” və “Strasburq”a da rəhbərlik edib.