İspaniya La Liqasının 17-ci turunun “Xetafe”yə qarşı oyunu (3:3) “Atletiko”nun fransalı hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.
Arena.az “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir ki, bu oyunda dubla imza atmış Qrizmann Madid klubunun tarixində ən çox qolmuş futbolçu Luis Araqonesin nəticəsini (173 qol) təkrarlayıb və şərikli olaraq “döşəkçilər”in ən sərrast futbolçusu adına sahib olub.
Göründüyü kimi mütləq rekord üçün Qrizmana sadəcə bir qol vurmaq kifayətdir.
Hazırda “Atletiko” 35 xalla La Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. La Liqaya 44 xalla “Jirona” başçılıq edir.
Antuan Qrizmann “Real Sosyedad” futbol akademiyasının yetirməsidir. Antuan “Atletiko”ya 2014-cü ilin iyulunda elə, “Real Sosyedad”dan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. Cari ilin iyulunda isə Antuan 20 milyon avro müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib.
Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 23 oyuna 16 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 364 oyun, 173 qol, 78 məhsuldar ötürmə.
Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.
Qrizmann hazırda vitse-kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 127 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı Antuan Qrizmanı 25 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Fransa yığmasında çıxış etməsinə rəğmən, Qrizmann ata tərəfdən almanəsilli, ana tərəfdən isə portuqaləsillidir.


