Madrid “Atletiko”sunun Fransadan olan hücumçusu Antuan Qrizmann İspaniya La Liqasında noyabr ayının ən yaxşı futbolçusu elan edilib. Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.
Qrizmanın komandası noyabrda keçirdiyi üç oyunun ikisindən qalib ayrılıb, birində uduzub. Antuan bu oyunlarda iki qol vurub, bir məhsuldar ötürmə ilə yadda qalıb.
Cari mövsümdə onun aktivində ümumilikdə 13 oyun, 9 qol və 1 məhsuldar ötürmə var. Bütövlükdə isə Qrizmann bu mövsüm bütün turnirlər çərçivəsində 18 oyun keçirib, 13 qol vurub, 1 assist müəllifi olub.
Qrizmann martın ən yaxşısı olmaq üçün Borxa Mayoral (“Xetafe”), Ante Budimir (“Osasuna”), Artyom Dovbik (“Jirona”) və Ayose Peres (“Betis”) kimi futbolçularla rəqabətdən qalib ayrılıb.
“Atletiko” La Liqada 13 turdan sonra 31 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Qrizmann karyerası ərzində 8-ci dəfə La Liqada ayın ən yaxşı futbolçusu elan edilir. O, daha öncə 2015-ci ilin yanvar və aprel, 2016-cı ilin sentyabr, 2017-ci ilin mart, 2018-ci ilin fevral və dekabr, 2023-cü ilin mart ayının da ən yaxşı oyunçusu olub. Futbolçu bunların hamısına “Atletiko”nun heyətində nail olub.
La Liqada Qrizmanndan daha çox yalnız bir futbolçu ayın ən yaxşısı seçilib. Bu, 10 dəfə oxşar uğura imza atmış Lionel Messidir. Lakin “Barselona”nın keçmiş ulduzu hazırda “İnter Mayami”də (ABŞ) forma geyinir.
Antuan Qrizmann 2021-ci ilin avqustundan “Atletiko”da forma geyinir. O, 2014-2019-cu illər aralığında da Madrid təmsilçisinin uğurları üçün çalışıb. 32 yaşlı futbolçu bu komandada bütövlükdə 359 oyuna 170 qol vurub və 77 məhsuldar ötürmə müəllifi olub.
Fransa yığmasının üzvü “Real Sosyedad” (202 oyun, 52 qol və 18 məhsuldar ötürmə) və “Barselona”da (102 oyun, 35 qol və 17 məhsuldar ötürmə) da çıxış edib. Təcrübəli oyunçu Fransa milli komandasında da 127 oyun keçirib, 44 qol vurub.


