Futbol üzrə Argentina milli komandasının yarımmüdafiəçisi Anxel Di Mariya İtaliyanın “Yuventus” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə qərarını sosial şəbəkə hesabında etdiyi paylaşımla açıqlayıb:
“Mən rahatlıqla gedirəm, klubun titulları qazanmağa davam etməsi üçün hər şeyi verən biri kimi, fəqət, olmadı… Uğursuzluğun acı dadı ilə ayrılıram. İlk gündən mənə verdiyiniz sevgiyə görə bütün həmkarlarıma təşəkkür edirəm. Burada özümü həmişə evdəki kimi hiss edirdim”.
Xatırladaq ki, Anxel Di Mariya 2022-ci ilin iyul ayında Fransanın PSJ klubundan ayrılaraq “Yuventus”la bir mövsümlük müqavilə bağlamışdı. O, Turin klubunda bütövlükdə 40 oyuna çıxıb, 8 qol və 7 asistlə yadda qalıb.
Anxel Di Mariya əvvəllər PSJ (295 oyun, 93 qol, 119 asist), “Real” (190 oyun, 36 qol, 85 asist), “Benfika” (121 oyun, 15 qol, 28 asist), “Rosario Sentral” (39 oyun, 6 qol) və “Mançester Yunayted”də (32 oyun, 4 qol, 12 asist) də oynayıb. Təcrübəli oyunçu Argentina milli komandasında da 131 oyun keçirib, 29 qola imza atıb, ötən il Qətərdəki dünya çempionatının qalibi olub.
Di Mariyanın karyerasını vaxtilə formasını geyindiyi “Benfika”da davam etdirəcəyi barədə xəbərlər gəzir.