Aqil Nəbiyev: “Məqsəd onların inkişafına nail olmaqdır”

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev AFFA-nın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişinyovda təşkil olunmuş UEFA İnkişaf Turnirində iştirak edir.

Ötən gün yerli komanda ilə qarşılaşmış millimiz 0:1 hesablı məğlubiyyətə üzülüb. Aqil Nəbiyev matçdan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

“Komanda ilə bu il ikinci toplanışımızdır. İlk hazırlığımız ötən ay baş tutmuşdu. Bu dəfə 10 yeni futbolçu dəvət etmişik. UEFA İnkişaf Turniri oyunçular üçün yaxşı şansdır. Burada nəticə o qədər də önəmli sayılmır. Əsas odur ki, bütün futbolçular oynamaq şansı əldə etməlidirlər. Məqsəd onların inkişafına nail olmaqdır. Əlbəttə, futbolçuların fiziki durumları və texniki bacarıqları ilə bağlı problemlərimiz var. Moldova yığması ilə dünənki matçda rəqibdən geri qaldığımız əsas tərəf son ötürmələr və həlledici zərbələr idi. Bunu yavaş-yavaş aradan qaldıracağımıza ümid edirəm. Burada 6 gün ərzində 3 oyun keçirməli olacağıq. Matçlar arasındakı iki günü futbolçuların bərpasına və növbəti görüşə hazır olmasına həsr edirik. Seçmə mərhələ oyunları oktyabrda olacaq. Ona qədər vaxtımız var. Bu müddətdə komandanı formalaşdırıb, seçmə mərhələdə uğurlu çıxış etməyə çalışacağıq”.

Qeyd edək ki, U-17 millimiz turnir çərçivəsində növbəti oyunlarını aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya yığmasına qarşı keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: