Aqil Nəbiyev: “Qazaxıstanla matç göstərdi ki…”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev Qazaxıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Qazaxıstanın 17 yaşlılardan ibarət yığma komandaları bu gün Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.

Oyun millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin baş məşqçisi Aqil Nəbiyev matçdan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Çətin oyun oldu. Qəbələdə neçə gündür yağışın yağması da müəyyən təsir göstərdi. İspaniyanın “Marset” komandasından dəvət edilən 9 futbolçumuz dünən gecə kollektivə qoşulub. Komanda şəklində məşq edə bilməməyimiz bir qədər sıxıntı yaratdı. Bu gün ortaya qoyulan xarakter göstərdi ki, Azərbaycanda yaxşı futbolçular var. İstər UEFA İnkişaf Turnirində, istərsə də, son matçlarda bunu sübut etmişik. Sadəcə, düzgün istiqamət götürmək, bu uşaqlara güvənmək lazımdır. İnanıram ki, getdikcə daha yaxşı olacağıq. Bu kollektivlə martdan bir yerə yığılırıq. Bu, artıq üçüncü toplanışımızdır. Rəsmi oyunlar öncəsi daha bir təlim-məşq toplanışımız olacaq. Avropa çempionatının seçmə mərhələsində Fransa, İsrail və Rumıniya ilə eyni qrupda çıxış edəcəyik. Rəqiblər güclü olsa da, komandamıza inanırıq”.

Qeyd edək ki, U-17 millimiz növbəti yoxlama oyununu iyunun 10-da Gürcüstan yığmasına qarşı keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: