“Araz-Naxçıvan” Naxçıvana səfər etdi

Milli komandanın oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan”ın kollektivi Naxçıvana səfər edib.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

Naxçıvan şəhərinə səfər çərçivəsində komandanın futbolçu və məşqçi heyəti öncə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovla birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyəti ehtiramla yad ediblər.

Sonra Naxçıvan Muxtar Respublika Stadionunda azyaşlı futbolçuların, azarkeşlərin iştirakı ilə tədbir keçirilib. Tədbir çərçivəsində komanda üzvləri tərəfdarların alqış sədaları altında meydana daxil olublar. Onlar eyniadlı futbol akademiyasının oyunçuları ilə əyləncə xarakterli məşqlərdə iştirak ediblər.

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli komandanın futbolçu və məşqçi heyəti ilə görüşüb. Səlahiyyətli nümayəndə klubun heyətini doğma Naxçıvanda məmnunluqla salamlayıb. O, komandanın son illər qazandığı nailiyyətlərin, göstərdiyi peşəkarlıq və əzmkarlığın muxtar respublikanın idman həyatında qürurverici səhifə açdığını bildirib. Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov futbolçularla səmimi görüşə və göstərilən dəstəyə görə minnətdarlıq edib. O, Naxçıvan futbolunun inkişafı uğrunda bundan sonra da səylə çalışacaqlarını bildirib.

Futbolçulardan Felipe Santos və Qara Qarayev görüşün heyətə yüksək ruh və motivasiya bəxş etdiyini vurğulayıblar. Komanda üzvləri qeyd ediblər ki, uzun illər ölkənin yüksək liqasından ayrı qalan Naxçıvan futbolu qısa zamanda böyük uğurlarla bu həsrətə son qoydu. Ev oyunlarının yerli azarkeşlərin qarşısında keçirilməsi komandanın inkişafı baxımından vacibdir. Futbolçular tezliklə bu problemin də aradan qaldırılacağına inamını ifadə edib, çoxsaylı azarkeşlərin qarşısında mübarizə aparmağı səbirsizliklə gözlədiklərini bildiriblər.

Sonda “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev səlahiyyətli nümayəndəyə forma və imzalı top hədiyyə edib, klub üzvləri ilə xatirə fotosu çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: