“Arsenal”da Vilyam Saliba sıradan çıxdı

“Arsenal”ın 24 yaşlı fransalı mərkəz müdafiəçisi Vilyam Saliba zədələnərək, qeyri-müəyyən müddətə sıradan çıxıb.

Arena.az məlumat verir ki, Saliba İngiltərə Premyer Liqasının 37-ci tururnun “Nyukasl”la ev oyununda (1:0) dizaltı vətərini zədələyib və əvəzlənib.

Beləliklə, Saliba UEFA Millətlər Liqasının yarımfinalı çərçivəsində iyun ayının 5-də İspaniya yığmasına qarşı oyunda Fransa yığmasına kömək edə bilməyəcək.

Vilyam Salibanın valideynləri əslən Kamerundandırlar. Saliba İl-de-Frans bölgəsinin Sen-Sen-Deni departamentinin Bondi kommunasında dünyaya gəlib. Vilyam elə, yerli “Bondi”də də futbolda ilk addımlarını atıb. Buradan “Monfermey”, ardınca isə “Sent-Etyen”ə keçmiş Saliba böyük futbolda debüt edib. 2019-cu ilin iyul ayında “Arsenal” 30 milyon avro məbləğ müqabilində Salibanı “topçular”ın düşərgəsinə qatıb və futbolçusunu bir müddət elə, “Sent-Etyen”ə, ardınca “Nitsa” və Marsel “Olimpik”inə icarələrə göndərib. 2022-ci ilin iyun aynda “Arsenal” artıq püxtələşmiş futbolçusunu “topçular”ın heyətinə geri qaytarıb. Fransalı müdafiəçinin London klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Vilyam Saliba 2024/2025-ci illər mövsümündə “topçular”ın heyətində 51 oyuna çıxıb, 2 qol vurub.

Salibanın “Arsenal”ın heəytində çıxışının ümumi mənzərəsi isə rəqəmlərin gözü ilə belə təsvir yaradır: 134 oyun, 7 qol, 2 məhsuldar ötürmə.

Saliba Fransanın Olimpiya yığması da (U-23) daxil olmaqla, U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə uzun bir yol gəlib və 2022-ci ilin mart ayında “xoruzlar”ın əsas yığmasında debüt edib. Saliba Fransa yığmasında 28 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Vilyam Salibanın qənimətlər muzeyində “Arsenal”la qazandığı 2 qənimət – İngiltərə Super Kuboku (2020/2021, 2023/2024) var. “Xoruzlar”la isə Saliba DÇ-2022-nin gümüş mükafatçısı olub.

Fərdi mükafatlara gəlincə, Vilyam Saliba 2022-ci ildə Fransa Liqa 1-in ən yaxşı gənc oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı mərkəz müdafiəçisinin transfer dəyətini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: