Artur Kabral “Fiorentina”ya 20 milyon avro qazandırdı

İtaliyanın “Fiorentina” klubunun hücumçusu Artur Kabral bundan sonra Portuqaliya nəhəngi “Benfika”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıb.

Florensiya klubu 25 yaşlı mərkəz forvardını 20 milyon avroya satıb. Kabral “Benfika” ilə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqaviləyə imza atıb.

Artur Kabral “Fiorentina”ya 2020-ci ilin yanvarında İsveçrə “Bazel”indən 15,5 milyon avro qarşılığında keçmişdi. O, Florensiya klubunda 64 oyuna çıxıb, 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu daha öncə “Bazel”, “Keara” və “Palmeyras”da da forma geyinib. O, Braziliyanın U-23 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Fiorentina” Kabralın əvəzində “Spetsiya”nın hücumçusu M’Bala Nzolanı transfer edib. Anqoladan olan 26 yaşlı forvardla müqavilənin müddəti və transferin digər detalları açıqlanmır. Nzola daha öncə “Trapani”, “Karpi”, “Virtus Françavilla”, “Sertanense” və “Akademika” kimi klublarda da forma geyinib. O, “Spetsiya”da 102 oyun keçirib, 35 qol və 7 assistlə yadda qalıb. Hücumçu Anqola yığmasında 6 oyuna 2 qol vurub.

“Fiorentina” Argentinanın “Rosario Sentral” klubunun hücumameyilli yarımmüdafiəçisi Cino İnfantinonu da transfer edib. Florensiyalılar bu keçidə görə 3,5 milyon avro ödəyiblər. 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Argentinalı futbolçu universiallığı ilə seçilir və yarımmüdafiənin istənilən bölgəsində oynamağı bacarır. O, “Rosario Sentral”ın əsas komandasında 74 oyuna 6 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. İnfantino Argentinanın U-20 yığmasında da 15 oyuna 2 qolla yadda qalıb.

“Herta”nın qapıçısı Oliver Kristensen də “Fiorentina”ya keçib. Bu transfer İtaliya klubuna 4,5 milyon avroya başa gəlib. 24 yaşlı danimarkalı qolkiperlə də 5 illik müqavilə imzalanıb. “Odense”nin yetirməsi “Herta”ya 2021-ci ildə 3 milyon avro qarşılığında keçmişdi. O, Almaniya klubunda 38 oyuna 75 qol buraxıb, cəmi 4 “quru” matç keçirib. Kristensen Danimarkanın əsas yığmasında da 1 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: