Çilili mərkəz yarımmüdafiəçisi Arturo Vidal futbolçu karyerasını başladığı doğma klubu “Kolo-Kolo”ya geri dönüb.
Arena.az bu barədə “Kolo-Kolo”nun mətbuat xidmətinə istinadən məlumat verir.
Trasnfer Vidalın “Atletiko Paranaense”dən azad agent qismində ayrılması ilə gerçəkləşib. “Kolo-Kolo” yetirməsi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Vidal karyerası ərzində Leverkuzen “Bayer”i, “Yuventus”, “Bayern”, “Barselona”, “İnter”, “Flamenqo” və “Atletiko Paranaense”də çıxış edib.
Geridə qalmış 2023/2024 mövsümündə Vidal “Atletiko Paranaense”nin heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 9 oyuna çıxıb.
Klub karyerası boyunca Vidal çoxsaylı qənimətlər qazanıb, həmçinin 2016-cı ildə Çilidə ilin futbolçusu seçilib.
Arturo Vidal 2007-ci ilin fevralında debüt etdiyi Çili yığmasının heyətində 142 oyuna çıxıb. O, bu oyunlarda 34 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib. Vidal Çili yığması ilə 2 dəfə Amerika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.


