Çilili mərkəz yarımmüdafiəçisi Arturo Vidal futbolçu karyerasını başladığı doğma klubu “Kolo-Kolo”nun azarkeşlərinə təqdim edilib.
Arena.az məlumat verir ki, Vidalın 18 ildən sonra doğma klubuna qayıdışı təntənəli surətdə təşkil edilib.
Vidal “Kolo-Kolo” azarkeşlərinə təqdim edilmək üçün doğma meydana vertolyotla çatdırılıb. Ardınca isə möhtəşəm musiqi sədaları altında cəngavər libasında niqabllı bir atlı Vidalın pişvazına çıxaraq, Arturonu qarşılayıb. Cəngavər Vidala libas geyindirib, başına şahlıq tacı qoyub və əlinə qılınc verərək, ata süvar edib. Vidal tribunar qarşısından at belində şahanə surətdə keçərək, doğma azarkeşlərini salamlayıb. Azarkeşlər klubun əfsanəsini coşqu ilə qarşılayıblar.
Arturo “Kolo-Kolo”nun azarkeşləri qarşısında nitq söyləyib. Təqdimat mərasiminin sonunda Vidal bir neçə topu zərbə ilə tribunala göndərib, həmçinin havavuran topla köynəklərini tribunadakı azarkeşlərə atıb. Mərasim musiqi qruplarının çıxışı ilə yekunlaşıb.
Vidalın “Kolo-Kolo”ya transferi futbolçunun “Atletiko Paranaense”dən azad agent qismində ayrılması ilə gerçəkləşib. “Kolo-Kolo” yetirməsi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Vidal karyerası ərzində Leverkuzen “Bayer”i, “Yuventus”, “Bayern”, “Barselona”, “İnter”, “Flamenqo” və “Atletiko Paranaense”də çıxış edib.
Geridə qalmış 2023/2024 mövsümündə Vidal “Atletiko Paranaense”nin heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 9 oyuna çıxıb.
Klub karyerası boyunca Vidal çoxsaylı qənimətlər qazanıb, həmçinin 2016-cı ildə Çilidə ilin futbolçusu seçilib.
Arturo Vidal 2007-ci ilin fevralında debüt etdiyi Çili yığmasının heyətində 142 oyuna çıxıb. Arturo bu oyunlarda 34 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib. Vidal Çili yığması ilə 2 dəfə Amerika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı veteran yarımmüdafiəçinin transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.


