Futbol üzrə Ukrayna millisinin və İtaliyanın “Roma” klubunun hücumçusu Artyom Dovbik bundan sonra “Bolonya”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Bolonya” rəsmi saytı vasitəsilə məlumat yayıb.
Sözügedən klub 29 yaşlı forvardı 2026/2027-ci illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürüb. “Bolonya” Dovbikin bir mövsümlük icarəsi üçün “Roma”ya 3 milyon avro ödəyib.
Xatırladaq ki, “Roma” Dovbiki 2024-cü ilin yayında 30,5 milyon avro məbləğ müqabilində “Jirona”dan transfer edib. Ukraynalı futbolçunun “canavarlar”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsi var.
Dovbik “Roma”nın heyətində bütün yarışlarda 63 oyuna çıxıb, 20 qol vurub və 6 məhsuldar ötürmə verib.
Artyom Dovbik futbola “Slavutiç” (Çerkası) klubunda (sonralar “Çerkasski Dnepr” və “Çerkaşşina” – redaktorun qeydi) qədəm qoyub. Ukraynalı hücumçu karyerası ərzində “Dnepr”, “Zarya” (Beltsı), “Midtyulland”, “Sönderyyuske”, “Dnepr-1” və “Jirona”da çıxış edib.
Dovbik 2021-ci ilin martında debüt etdiyi Ukrayna yığmasının heyətində 41 oyuna 11 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Artyomun qənimətlər muzeyində “Midtyulland”la qazandığı Danimarka çempionluğu (2017/2018 və 2019/2020) və Danimarka Kuboku (2018/2019), həmçinin “Sönderyyuske” ilə əldə etdiyi daha bir Danimarka Kuboku (2019/2020) və “Zarya” ilə qalibi olduğu Moldova Kuboku (2015/2016) var.
Fərdi uğurlara gəlincə, Artyom Dovbik “Dnepr-1”-in heyətində 2021/2022-ci və 2022/2023-ci illər mövsümündə müvafiq olaraq 14 və 24 qolla 2 dəfə Ukrayna Premyer Liqasının və “Jirona”nın heyətində 2023/2024-cü illər mövsümündə İspaniya La Liqasının 24 qolla ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı ukraynalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.



