Futbol üzrə Ukrayna milli komandasının və İtaliyanın “Roma” klubunun hücumçusu Artyom Dovbik zədələnərək sıradan çıxıb.
Arena.az xəbər verir ki, bud əzələsindən zədə alan ukraynalı hücumçu A Seriyasının 26-cı turunda qarşılaşacaqları “Montsa” ilə oyunda iştirak edə bilməyəcək.
Futbolçunun son oyunlarda iştirak etməməsinin də əsas səbəbi məhz zədədir. Belə ki, o, bundan əvvəlki “Parma” ilə səfər oyununu da buraxmaq məcburiyyətində qalmışdı. Dovbikin adı Avropa Liqasının 1/16 final mərhələsinin “Portu” ilə ev oyununda ümumiyyətlə iştirak ərizəsinə daxil edilməmişdi.
Xatırladaq ki, “Roma” Dovbiki bu yay 30,5 milyon avro məbləğ müqabilində “Jirona”dan transfer edib. Ukraynalı futbolçu “canavarlar”la 5 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə razılaşdırıb.
Artyom Dovbik futbola “Slavutiç” (Çerkası) klubunda (sonralar “Çerkasski Dnepr” və “Çerkaşşina” – redaktorun qeydi) qədəm qoyub. Ukraynalı hücumçu karyerası ərzində “Dnepr”, “Zarya” (Beltsı), “Midtyullann”, “Sönderyyuske”, “Dnepr-1” və “Jirona”da çıxış edib.
Cari mövsümdə Dovbik “Roma”nın heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 13 qol vurub və 4 məhsuldar ötürmə verib.
Artyom Dovbik 2021-ci ilin martında debüt etdiyi Ukrayna yığmasının heyətində 35 oyuna 11 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Artyom Dovbikin qənimətlər muzeyində “Midtyullann”la qazandığı Danimarka çempionluğu (2017/2018 və 2019/2020) və Danimarka Kuboku (2018/2019), həmçinin “Sönderyyuske” ilə əldə etdiyi daha bir Danimarka Kuboku (2019/2020) və “Zarya” ilə qalibi olduğu Moldova Kuboku (2015/2016) var.
Fərdi uğurlara gəlincə, Dovbik “Dnepr-1”-in heyətində 2021/2022-ci və 2022/2023-ci illər mövsümündə müvafiq olaraq 14 və 24 qolla 2 dəfə Ukrayna Premyer Liqasının və “Jirona”nın heyətində 2023/2024-cü illər mövsümündə İspaniya La Liqasının 24 qolla ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı ukraynalı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


