İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, öz müdafiəçisi Kristian Romeronu 55 milyon avroya “Tottenhem”ə satan A Seriyası təmsilçisi, türkiyəli futbolçu Merih Demiralı heyətinə qatıb.
Berqamo klubu 23 yaşlı müdafiəçini “Yuventus”dan satınalma şərti ilə icarəyə götürüb. “Atalanta” Türkiyə millisinin üzvünü mövsümün sonunda heyətində saxlamaq istəsə, bunun üçün 30 milyon avrosundan keçməli olacaq. Merih yeni komandasında “28” nömrəli formanı geyinəcək.
Merih Demiral 2019-cu ildən “Yuventus”da çıxış edirdi. O, geridə qalan iki mövsüm ərzində Turin klubunun heyətində 32 matça çıxıb, 1 qol vurub. Futbolçu əvvəllər “Sassuolo”, “Alanyaspor”, “Sportinq” və “Alkanenense” klublarının da formasını geyinib.
“Atalanta” yarımmüdafiəçisi Viktor Kovalenkonu da “Spetsiya”ya icarəyə verib. Ukrayna millisinin də üzvü olan 25 yaşlı futbolçu bu ilin fevralında Donetsk “Şaxtyor”undan transfer edilmişdi. Lakin o, bu komandada əsas heyətə düşməkdə çətinlik çəkirdi.
Sonda onu da qeyd edək ki, “Spetsiya”ya FİFA tərəfindən transfer qadağası qoyulub. Lakin bu, cari transfer pəncərəsinə aid deyil.


