İspaniya La Liqasında mübarizə aparan “Atletik” (Bilbao) komandası maraqlı statistika ilə “Böyük beşlik” ölkələrinin rekorduna imza atıb.
Arena.az məlumat verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi “CIES Football Observatory” maraqlı araşdırmasının nəticəsini dərc edib.
“CIES Football Observatory” Avropa klublarının 2023/2024-cü il mövsümündə yetirməsi olan oyunçularının oyun vaxtına görə siyahısını təqdim edib. Avropanın ən yaxşı 5 liqasında yer alan klublar arasında yetirmələrinin oynadığı dəqiqələrin sayına görə lider “Atletik” olub. İspaniya La Liqasının 13 turu ərzində klubun akademiyasının 14 yetirməsi meydana çıxıb. Ümumilikdə, onlar ümumi oyun vaxtının 68,9%-ni meydanda keçiriblər.
İkinci yerdə Fransanın “Olimpik” (Lion) klubu qərarlaşıb – 9 oyunçu 45,6% oyun vaxtını meydanda keçirib. İlk üçlüyü “Real Sosyedad” qapayır (oyun vaxtının 45,4%-i, 12 oyunçu).
Ümumilikdə ilk 20-liyə İspaniyadan 10, Fransadan 4, İngiltərədən 3, Almaniyadan 2 və İtaliyadan 1 klub daxildir.



