UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Lill” ilə ev oyunu Madrid “Atletiko”su üçün antirekordla əlamətdar olub.
Arena.az məlumat verir ki, paytaxt klubu 1:3 hesabı ilə məğlub olmaqla, UEFA Çempionlar Liqasında ardıcıl 2 oyunda qapısında ümumilikdə 7 qol görüb.
Müvafiq nəticə “döşəkçilər” üçün UEFA Çempionlar Liqasının bir mövsümü ərzində 2 oyuna 7 qol “yemək” baxımından bir antirekorddur. Buna qədər paytaxt təmsilçisi hələ belə halla üzləşməmişdi.
3 turdan sonra 3 xal toplamış Madrid klubu UEFA Çempionlar Liqasının yarış cədvəlində 26-cı pillədə qərarlaşıb. Bu yer isə yarışın növbəti mərhələsinə vəsiqə vermir.
Yeri gəlmişkən, “Atletiko” “Lill”ə qarşı keçirilmiş matçda qapısına təyin olunan penalti ilə bağlı UEFA-ya şikayət ünvanlayıb. “Marca”nın xəbərinə görə, madridlilər 71-ci dəqiqədə Benjamen Andrenin yerdə qaldığı epizodda təyin edilmiş penaltinin qaydalar çərçivəsində olmadığını bildiriblər.
Xatırladaq ki, bu görüşü italiyalı baş hakim Marko Quida idarə edib.


