“Atletiko”da Rodriqo De Paul şoku

Madrid “Atletiko”sunun argentinalı mərkəz yarımmüdafiəçi Rodriqo De Paul Argentina yığmasının düşərgəsində olarkən zədələnib.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir ki, futbolçu bud əzələlərində problem yaşayır.

Hazırda De Paul idman zalında həkimlərin nəzarəti altında bərpa mərhələsi keçir. Argentinalı futbolçunun tamamilə sağalıb yaşıl meydanlara dönəcəyi vaxt hələlik məlum deyil.

De Paul 2021-ci ilin iyulundan “Atletiko”da çıxış edir. Yarımmüdafiəçinin “döşəkçilər”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə De Paul “Atletiko”nun heyətində 3 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Rodriqo De Paul 2018-ci ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heyətində 56 oyuna çıxıb, 2 qol vurub, 7 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi 2021 Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022 Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı Rodriqo De Paulu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: