Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Auqsburq” komandasının baş məşqçisi Enriko Maasen istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın hazırkı durumu ilə əlaqədar klub rəhbərliyinin iclası keçirilib və sonda gənc mütəxəssisin istefaya göndərilməsinə qərar verilib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Enriko Maasen 2022-ci ilin iyul ayından “Auqsburq”un baş məşqçisi idi. Komanda bu mövsüm onun rəhbərliyi altında 7 matçdan topladığı 5 xalla Bundesliqanın turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Cəmi bir qələbəsi olan komanda 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.
Maasen “Auqsburq”u bütövlükdə 44 oyuna çıxarıb. Bu görüşlərdə 11 qələbə qazanan komanda 9 heç-heçə edib, 24 məğlubiyyətlə üzləşib.
39 yaşlı alman mütəxəssis “Auqsburq”dan əvvəl “Droxteren”, “Rödinqhauzen” və Dortmund “Borussiya”sının ikinci komandasında baş məşqçi kimi çalışıb.


