Albaniyanın paytaxtı Tirana şəhərində böyüklər arasında təşkil edilmiş güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.
Arena.az xəbər verir ki, beşinci yarış günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da mübarizəyə start verilib.
Nürəddin Novruzov (61 kq) ilk görüşdə moldovalı Leomid Kolesniklə üz-üzə gəlib. İlk dəqiqədə 0:6 hesabıyla geri düşən həmyerlimiz möhtəşəm geridönüş edərək vaxtından əvvəl qələbəni təmin edib – 17:6. Novruzov yarımfinalda albaniyalı dünya çempionu Zəlimxan Abakarovla bacarmayıb – 3:14. Nürəddin sabah bürünc medal görüşünə çıxacaq. Rəqib Simyone Piroddu (İtaliya) – Niklas Steşele (Almaniya) qarşılaşmasının qalibi olacaq.
Turan Bayramov (74 kq) startda çətinliklə də olsa, neytral atlet statusuyla Avropa çempionatına qatılan Fərhad Nurixorjestana minimal fərqlə (3:2) qalib gəlib. Güləşçimiz 1/4 finalda belaruslu Nikita Mayevskiyə heç bir şans tanımayıb – 8:0. Yarımfinalda gürcüstanlı Giorgi Elbakidzeni (2:1) üstələyən Bayramov finala yüksəlib. Turan sabah həlledici görüşdə slovakiyalı Taymuraz Salkazanov qarşılaşacaq.
Arseniy Djioyev (86 kq) əvvəlcə ukraynalı Denis Bikova (10:0), daha sonra moldovalı Yevgeni Mihaelkana (11:0) tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə isə latviyalı İvars Samusonok vaxtından əvvəl xalçanı məyus tərk edib – 12:2. Arseniy sabah finalda rusiyalı İbrahim Kadiyevlə üz-üzə gələcək.
Ali Tsokayev (92 kq) belaruslu Yaraslav Yadkovskiyə tam üstünlüklə (10:0) qalib gəldikdən sonra gürcüstanlı dünya və Avropa mükafatçısı Miriani Maysuradzeyə gücünü göstərib – 5:0. Tsokayev yarımfinalda isə isveçrəli Samuel Şerrerə gücünü göstərib – 6:0. Ali finalda bolqarıstanlı Ahmed Batayevlə güləşəcək.
Georgi Meşvildişvili (125 kq) yarışa 1/4 finaldan qoşulub. Təmsilçimiz ermənistanlı Xaçatur Xaçatryanla görüşdə son saniyələrdə uğurlu fənd işlədib və sonuncu xal prinsipinə əsasən (5:5) adını yarımfinala yazdırıb. Türkiyəli Hakan Büyükçınqılı 3:1 hesabıyla üstələyən millinin ən təcrübəli üzvü finalda macarıstanlı Vladislav Baytsayevlə güləşəcək.
Qeyd edək ki, Avropa çempionatı sabah – aprelin 26-da başa çatacaq.


