Xorvatiyanın Zaqreb şəhərində böyüklər arasında təşkil olunmuş Avropa çempionatı Azərbaycan güləşində yeni rekord ilə yadda qalıb. Arena.az xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatını 6 medalla başa vurub.
2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atıb. Qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında 2-ci yeri tutub. Türkiyə 155 xalla çempion olub. Gürcüstan isə 124 xalla 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan yığmasının heyətində Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) Avropa çempionu olub. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş medalla kifayətləniblər. Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.
Zaqrebdəki Avropa çempionatı digər yığmalarımız üçün də uğurlu alınıb. Belə ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionu olub. Yığmamızın üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu adını qazanıblar. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş medal ilə kifayətləniblər. Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal əldə ediblər.
Qadınlardan ibarət yığmamızda isə iki güləşçi özündən söz etdirə bilib. Mariya Stadnik (50 kq) qızıl medal qazanıb. Jalə Əliyeva (57 kq) isə gümüş medala sahib çıxıb.


