Avropa çempionatı: Birgül “gümüş”, Jalə “bürünc” qazandı

Rumıniyanın paytaxt Buxarest şəhərində 23 yaşadək güləşçilər arasında (U-23) təşkil olunmuş Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Mübarizəyə ötən gün 1/4 finaldan qoşulan Gültəkin Şirinova (53 kq) italiyalı Mariya Feroneni “tuş”la yarışdan kənarlaşdırsa da, yarımfinalda türkiyəli Zeynep Yetgillə bacarmamışdı – 0:5. Gültəkin bürünc medal uğrunda görüşdə isə bu gün moldovalı Mariana Draqutana uduzub – 0:10.

Jalə Əliyeva (57 kq) ilk mərhələdə ukraynalı Aleksandra Xomenetsə müqavimət göstərə bilməmişdi – 2:13. Amma rəqibi finala yüksəldiyi üçün onun medal qazanmaq şansı yaranıb. Əliyeva bu gün təsəlliverici görüşdə Bolqarıstan təmsilçisi Nazife Tairi “tuş”la məğlub edib. Jalə bürünc medal uğrunda qarşılaşmada isə italiyalı Aurora Russoya 6:2 hesabıyla qalib gələrək Avropa üçüncüsü olub.

Birgül Soltanova (65 kq) ötən gün təsnifat mərhələsində bolqarıstanlı Gergana Stoyanovaya 3:0 hesabıyla qalib gəlmişdi. Millimizin üzvü daha sonra yunanıstanlı Drosula Tzianakopulonu “tuş”la məyus edərək adını yarımfinala yazdırmışdı. Soltanova bu mərhələdə fransalı İris Tiboksdan da güclü olmuş və finala yüksəlmişdi – 6:3. Birgül bu gün finalda rumıniyalı Amina Kapezanla qarşılaşıb. Həlledici görüş gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə (5:6) uduzan Soltanova Avropa çempionatını gümüş medalla başa vurub.

Xatırladaq ki, bir gün öncə Elnurə Məmmədova Azərbaycan yığmasına qadın güləşində ilk medalı qazandırmışdı. 55 kq-da yarışan güləşçimiz bürünc medalla kifayətlənmişdi. Beləcə, Azərbaycanın qadın güləşi üzrə yığması AÇ-ni 3 medalla (1 gümüş, 2 bürünc) başa vurub.

Martın 13-də start verilmiş Avropa çempionatı ayın 19-da bitəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: