Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, yarışın 4-cü günündə Elis Manolova (65 kq) mübarizəyə qoşulub.
B qrupunda yer alan təmsilçimiz ilk görüşdə Avropa ikincisi Tatyana Rijkoya (Ukrayna) məğlub olub – 0:7. Elis qrupda sonuncu görüşünü estoniyalı Viktoriya Essoya qarşı keçirib və rəqibinə 6:3 hesabıyla qalib gəlib.
Qrupda ikinci yeri tutan Manolova yarımfinala yüksəlib. Millimizin üzvü 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi Krişta İnçe (Rumıniya) ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdən minimal fərqlə (2:1) qalib gələn Elis 4-cü dəfə Avropa çempionatının finalına yüksəlib.
Güləşçimiz qızıl medal uğrunda bu gün ukraynalı Tatyana Rijkoyla mübarizə aparıb. Rəqibinə növbəti dəfə məğlub olan (0:4) Elis gümüş medal qazanıb. Beləliklə, Manolova 4-cü dəfə qitə birinciliyində fəxri kürsüyə qalxıb. Onun hesabında 1 qızıl və 3 bürünc medal var.
Qadın güləşçilərimizdən daha öncə Türkan Nəsirova (50 kq) və Alyona Kolesnik (59 kq) mübarizə aparmış və 5-ci yerlə kifayətlənmişdi.
Daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş medal qazanmışdı. Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medalla kifayətlənmişdi. Azərbaycanın sərbəst güləş yığması bu nəticə ilə ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.
Avropa çempionatı aprelin 3-də başa çatacaq.


