Xorvatiyanın paytaxtı Zaqreb şəhərində böyüklər arasında təşkil olunmuş güləş üzrə Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün qadın güləşində mübarizəyə yekun vurulub.
Xatırladaq ki, dördüncü yarış günündə daha 5 qadın güləşçimiz mübarizəyə qoşulmuşdu. Bu gün məhz həmin çəki dərəcələrində medal görüşləri baş tutub.
Türkan Nəsirova (53 kq) təsnifat mərhələsində Mariya Spirkovskaya (Şimali Makedoniya) tam üstünlüklə qalib gəlmişdi – 10:0. Həmyerlimiz 1/4 finalda ispaniyalı Marina Floresdən də güclü olmuşdu – 12:5. Nəsirova yalnız yarımfinalda isveçli Avropa çempionu Emma Malmqrenə “tuş”la uduzmuşdu. Türkan bu gün bürünc medal uğrunda türkiyəli Zeynep Yetgillə güləşib. Rəqibinə məğlub (0:10) olan azərbaycanlı güləşçi 5-ci yerlə kifayətlənib.
Mübarizəyə 1/4 finaldan qoşulan Jalə Əliyeva (57 kq) ötən gün almaniyalı Elena Brüggerə 6:3 hesabıyla qalib gəlmişdi. Əliyeva yarımfinalda polşalı Yovita Vrjeşeni də 2:0 hesabıyla üstələyərək debüt etdiyi Avropa çempionatının finalına yüksəlmişdi. Jalə həlledici görüşdə bu gün ukraynalı Alina Akobya ilə qarşılaşıb. Rəqibinə “tuş”la məğlub olan Jalə qitə birinciliyini gümüş medalla başa vurub.
Elis Manolova (65 kq) mübarizəyə 1/4 finaldan qoşulmuşdu və rumıniyalı İrina Rinqaciyə “tuş”la uduzmuşdu. Rəqib finala yüksəldiyi üçün Elis təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Lakin Manolova bu gün fransalı Kendra Daşerə məğub olub (3:4) və medalsız qalıb.
Digər güləşçilərimizdən Birgül Soltanova (62 kq) təsnifat mərhələsində estoniyalı Viktoriya Vessoya “tuş”la məğlub olmuşdu. Nigar Mirzəzadə (72 kq) də təsnifat mərhələsində ukraynalı Lyudmila Tiçinaya müqavimət göstərə bilməmişdi – 0:10.
Xatırladaq ki, aprelin 17-də start götürmüş Avropa çempionatı ayın 23-də başa çatacaq. Daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik Avropa çempionu olub.


