Xorvatiyanın paytaxtı Zaqreb şəhərində böyüklər arasında təşkil olunmuş güləş üzrə Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, ikinci yarış günündə daha 5 çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulub.
İntiqam Vəlizadə (61 kq) təsnifat mərhələsində ukraynalı Taras Markoviç uduzub – 4:5.
Cəbrayıl Qadjiyev (74 kq) təsnifat mərhələsində avstriyalı Simon Markl üzərində inamlı qələbə qazanıb – 6:1. Yığma üzvü 1/8 finalda olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Frank Çamizoya (İtaliya) məğlub olub – 4:9. Rəqib finala yüksəldiyi üçün Qadjiyev təsəlliverici görüşdə türkiyəli Soner Demirtaşla qarşılaşacaq.
Abubakr Abakarov (86 kq) 1/8 finalda türkiyəli Fatih Erdinə qalib gəlib – 7:5. Abakarov 1/4 finalda Avropa çempionu Dauren Kuruqlievə (Yunanıstan) məğlub olub – 0:9. Rəqib finala yüksəldiyi üçün Abakarov təsəlliverici görüşə çıxacaq. Rəqib Patrik Puespoeki (Macarıstan) – İvars Samusonoks (Latviya) qarşılaşmasının qalibi olacaq.
Osman Nurmaqomedov (92 kq) mübarizəyə 1/4 finaldan qoşulub və israilli Filip Finesilverə tam üstünlüklə qalib gəlib – 10:0. Nurmaqomedov yarımfinalda slovakiyalı Ermak Kardanov üzərində də inamlı qələbə (6:0) qazanaraq adını finala yazdırıb. Osman həlledici görüşdə türkiyəli Feyzullah Aktürklə qarşılaşacaq.
Georgi Meşvildişvili (125 kq) ilk mərhələdə almaniyalı Gennadi Kudinoviçi “tuş”la üstələyib. Təmsilçimiz 1/4 finalda türkiyəli olimpiya, dünya və Avropa çempionu Taha Akgüllə bacarmayıb – 1:3. Titullu rəqib finaladək irəliləyib. Meşvildişvili bürünc medal uğrunda italiyalı Abraham Konyedo ilə güləşəcək.
Bu çəki dərəcələrində təsəlliverici və medal görüşləri aprelin 19-da keçiriləcək.
Ötən gün start götürmüş Avropa çempionatı aprelin 23-də başa çatacaq.


