Avropa çempionatı: Qadın güləşində yeni rekord

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, yarışın 3 və 4-cü günündə qadın güləşi üzrə mübarizə baş tutub.

A qrupunda yer alan Elvina Kərimzadə (43 kq) ilk görüşdə ukraynalı Anastasiya Polskaya məğlub olsa da, bolqar Azra Azisova Mustafovaya və rumıniyalı Elvira Draqana tam üstünlüklə qalib gəlib. Qrup 2-cisi kimi yarımfinala yüksələn güləşçimiz bu mərhələdə alman Jozefin Vrenşdən də güclü olub – 4:0. Həlledici görüşdə yenidən Polskayla üz-üzə gələn Elvina yenə rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Ruzanna Məmmədova (49 kq) ispan Kandela Giraldes Markeslə ruminiyalı Ana Mariya Rotaruya “tuşe” ilə qalib gələrək adını yarımfinala yazdırıb. Türkiyəli Şevval Çayırı 8:5 hesabıyla üstələyən Məmmədova finala vəsiqə qazanıb. Ruzanna son qarşılaşmada italiyalı Fabiana Rinellanı “tuşe” ilə məğlub edərək Avropa çempionu olub.

Günay Qurbanova (57 kq) startda rumıniyalı Florentina Georgiana Mantoqu “tuşe” ilə üstələsə də, 1/4 finalda türkiyəli Tuba Demirə müqavimət göstərə bilməyib. Qurbanova təsəlliverici görüşdə isə alman Naemi Leiştnerə uduzub.

Fatimə İsayeva (65 kq) 1/8 finalda almaniyalı Kassidi Rixterlə bacarmayıbsa, Jasmin Əsgərova (53 kq) Militsa Sekuloviçə məğlub olub – 0:5.

Aysel Məmmədzadə ilk mərhələdə macar Kornelia Laşloya (0:4) məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün güləşçimiz mübarizəni davam etdirib. Təsəlliverici görüşdə ispan Virciniya Lopes Portilyonu 6:0 hesabıyla üstələyən Aysel son qarşılaşmada norveçli Daniella Tara Beki üzərində “tuşe” qələbə qazanaraq Avropa çempionatının bürünc medalını əldə edib.

Beləliklə, böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 idmançıyla qitə birinciliyinə yollanan yığmamız 1 dəst medal qazanıb. Bununla da qadın güləşində rekord qeydə alınıb. Belə ki, Azərbaycan 66 xalla komanda hesabında Avropa 5-cisi olub. Buna qədər bu yaş qrupu üzrə qitə birinciliyində zərif cinsin nümayəndələri ən yaxşı halda 62 xal (Faenza-2019) toplamışdı. Üstəlik, medalların əyarına görə son 7, sayına görə isə son 9 ilin ən yaxşı nəticəsinə imza atılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: