Rumıniyanın paytaxtı Buxarest şəhərində 23 yaşadək güləşçilər arasında (U-23) təşkil olunmuş Avropa çempionatı başa çatıb. Arena.az xəbər verir ki, qitə birinciliyinin altıncı günündə sərbəst güləş üzrə son 5 çəkidə mübarizəyə start verilmşdi. Bu gün isə həmin çəki dərəcələri üzrə həlledici qarşılaşmalar baş tutub.
Mübarizəyə 1/4 finaldan qoşulan Ayxan Abdullazadə (61 kq) türkiyəli Emre Kuralla bacarmamışdı – 3:9. Rəqibi də finala yüksələ bilmədiyindən Ayxan üçün AÇ erkən başa çatmışdı.
Əvəzində Turan Bayramov (74 kq) rəqiblərinə göz açmağa imkan verməyib. Gəncə güləş məktəbinin yetirməsi bütün rəqiblərinə vaxtından əvvəl qalib gələrək finala yüksəlib. Bayramov sırayla bolqarıstanlı Nikolay Dimitrovu (11:0), fransalı Maqamed Deliyevi (11:0) və rumıniyalı Kriştian Bironu (10:0) tam üstünlüklə məğlub edib. Turan bu gün finalda moldovalı Vasile Diakonla qarşılaşıb. Sonuncu xal prinsipinə əsasən (1:1) rəqibinə qalib gələn Bayramov Avropa çempionu olub.
Fərid Cabbarov (86 kq) debütdə ermənistanlı Knyaz İboyana məğub olub – 5:7. Güləşçimiz bu gün təsəlliverici görüşdə moldovalı İvan İçizliyə uduzub – 3:6.
Abdulcəlil Şabanov (97 kq) 1/4 finalda Şimali Makedoniya təmsilçisi Recep Haydarini (7:5) mübarizədən kənarlaşdırsa da, gürcüstanlı Andro Marqişviliylə bacarmayıb – 13:23. Şabanov bürünc medal uğrunda ermənistanlı Sergey Sarqsyanla güləşib və son saniyədə qələbəni əldən verib – 5:8.
Vaxit Qalayev (125 kq) Şimali Makedoniyadan olan Uveys Feyzulahu (10:0) və erməni Martin Simonyanı (10:3) məğlub etsə də, yarımfinalda gürcüstanlı Solomon Manaşviliyə “tuş”la uduzub. Görüşdən sonra hər iki güləşçi qeyri-etik davranışlara görə yarışdan xaric edilib.
Bununla da martın 13-dən start götürmüş Avropa çempionatı tam yekunlaşıb. Sərbəst güləş yığmamız AÇ-ni 5 medalla başa vurub. Ötən gün Maqomed-Başir Xaniyev (70 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanmışdılar.


