Avropa çempionu olan millimiz Bakıya döndü

Serbiyanın Novi Sad şəhərində Avropa çempionu olan 20 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisi vətənə qayıdıb.

Arena.az xəbər verir ki, 1 qızıl, 4 gümüş və 1 bürünc medalla komanda hesabında Avropa çempionu olan milli komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançılar, məşqçilər və yığma üzvlərinin yaxınları qarşılayıb.

Avropa çempionu olan millimizin baş məşqçisi və uğur qazanmış güləşçilər təəssüratlarını da bölüşüblər.

Arif Abdullayev, milli komandanın böyük məşqçisi:

“Gənclərdən ibarət millimiz 3-cü dəfə Avropa çempionu oldu. Gərgin mübarizə getdi. 65 və 70 kq-da da medal qazanacağımızı gözləyirdik. 57 və 61 kq-da çempion da ola bilərdik. Güləşçilərimiz rusiyalı rəqiblərindən bir qədər fiziki və taktiki hazırlıqda geri qaldılar. Çalışacağıq ki, idmançılarımız bu çatışmazlıqları aradan qaldırsınlar. Qarşıda bizi dünya çempionatı gözləyir. Həmin yarışda da Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Fürsətdən istifadə edib, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və Azərbaycan Güləş Federasiyasına təşəkkür edirəm. Bu uğur göstərilən diqqət və qayğının nəticəsidir”.

“Dünya çempionatında da eyni nəticəni təkrarlamağa çalışacağıq”

Xetaq Karsanov (97 kq), Avropa çempionu:

“Mənə beynəlxalq arenada ölkəni təmsil etmək şansı verdiyi Azərbaycan Respublikasına təşəkkürümü bildirirəm. Etimadı doğrultdum. Milli komandanın məşqçilərinə xüsusən minnətdaram. Həkim və masajçımıza da “çox sağ ol” deyim. Gərgin mübarizə şəraitində keçən finalda qalib gəldim”.

Camal Abbasov (61 kq), Avropa ikincisi:

“Gənclərdə ilk ilimdə Avropa ikincisi oldum. Bu, mənim üçün yaxşı nəticədir. Düzdür, çempion olmaq ümidiylə getmişdim. Ardıcıl 3-cü il Avropa çempionatının finalına yüksəldim. Bir-iki səhv öz sözünü dedi. İnşallah, dünya çempionatına hazırlıq xarakterli təlim-məşq toplanışlarında bu səhvləri aradan qaldırıb, dünya çempionu olmağa çalışacağam. Komanda hesabında Avropa çempionu olduq. Bu, böyük uğurdur. Dünya çempionatında da eyni nəticəni təkrarlamağa çalışacağıq”.

Anar Cəfərli (92 kq), Avropa ikincisi:

“Bütün komanda yoldaşlarımı təbrik edirəm. Daha yüksək nəticə göstərə bilərdik. İnşallah, dünya çempionatında daha uğurlu çıxış edərik. Finala qədər bütün görüşlərimi tam üstünlüklə başa vurdum. Finalda cüzi səhvdən qələbəni əldən verdim. Federasiya rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə, yığmanın məşqçilərinə, şəxsi məşqçimə və valideynlərimə təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, AÇ-də Xetaq Karsanov (97 kq) qızıl medal qazanıb. Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Sadiq Mustafazadə (86 kq) və Anar Cəfərli (92 kq) gümüş medalla kifayətləniblər. Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.