Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Litva yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verri ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bilirdik ki, dörd oyunun hamısı çətin olacaq. Buna hazırlaşmışdıq. Əsas odur ki, ciddi zədəmiz olmadı və heç bir matçda uduzmadıq. Lixtenşteynlə görüşdən sonra çətin idi. Bəlkə də o oyunda qalib gəlib, bu matçda uduzsaydıq, qələbənin əhəmiyyəti itə bilərdi. Bərabərlik bizi çox üzmüşdü. Futbolçularda inamsızlıq görünürdü. Sevindim ki, üç gün ərzində futbolçular toparlandılar, özlərinə inandılar. Rəqib də bura möhkəm gəlmişdi. Güclər bərabər idi. Bu gün meydanda çox hadisə oldu. Gənc futbolçular ilk dəfə oynadılar, təcrübəlilər daha da yaxşı çıxış etdilər. Komanda uduzmaq istəmirdi, xarakter göstərdi. Bu da çoxdandır ki, yox idi. İnanıram ki, noyabrdakı oyunları da məğlub olmadan keçirərək ili qələbə ilə başa vurarıq”.
Ayxan Abbasov bu matçda Oruc Məmmədova debüt şansı yaratmasından da danışıb:
“Şamaxı”da Orucu bu mövqedə sınamışam. Bir çox oyunlarda oynayıb. Bilirdim ki, oynaya bilər. Biz məşqçilər heyət qurmaqda çox fikirləşdik. Dünən gecə qərar verə bilmirdik. Yorğunluq var idi, hər kəs oynamaq istəyirdi. Renat Dadaşov bu gün ağrılarla oynadı, amma dedi ki, kömək etmək istəyirəm. Kömək də etdi. Orucu qazandıq. Bilirəm ki, risk idi. Bəlkə də uduzsaydıq, suallar olacaqdı ki, “belə ağır oyunda Oruca nəyə görə güvəndiniz?” Amma biz məşqçilər də risk etməli, güvənməliyik. Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar? Rüfət Abbasov, Oruc Məmmədov, digərləri…Yavaş-yavaş qazanırıq”.
Ayxan Abbasov AFFA ilə müqaviləsinin müddətinin bu ilin sonunda başa çatmasına dair sualı da cavablandırıb:
“O barədə fikirləşmirəm. Bu turnir bitməlidir. Ondan sonra hansı qərar olacaqsa, razılaşacağıq. Millidə bir oyunda baş məşqçi olmaq da mənim üçün şərəfdir. Sağ olsunlar, mənə güvəndilər. Bu barədə hansısa problem olmayacaq. Müqavilə yenilənməsə belə, millidə çalışmağım mənim üçün şərəf olacaq”.


