Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Malta yığması ilə yoxlama oyunundan öncə jurnalistlərlə görüşəcək.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Məlumatda vurğulanır ki, Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının iyunun 5-də Malta yığmasına qarşı keçirəcəyi yoxlama görüşü öncəsi təşkil olunacaq mətbuat konfransının və açıq məşqinin vaxtı müəyyənləşib.
Belə ki, iyunun 4-də Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Tədbirə saat 19:30-da start veriləcək. Saat 20:30-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq start götürəcək. Tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Xatırladaq ki, iyunun 5-də keçiriləcək Azərbaycan – Malta matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Qarşılaşma Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil ediləcək.


