Ayxan Abbasov: “Qol epizodlarına görə sevinsəm də…”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov bu gün Malta yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, millimiz Macarıstanın Sombathey şəhərindəki “Haladaş” stadionunda qarşılaşdığı bu rəqibinə 0:2 hesabı ilə məğlub olub.

Ayxan Abbasov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Üzücü məğlubiyyət oldu. Amma 90 dəqiqə yüksək tempdə mübarizə izlədik. Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu. Buna baxmayaraq, çoxlu qol epizodları yaratdıq. Lakin imkanları dəyərləndirmək və bu tempi saxlamaq lazımdır. Yoldaşlıq görüşlərində risk edəcəyimizi demişdim. Çünki UEFA Millətlər Liqası öncəsi son toplanışımızdır və futbolçuların hamısını izləmək istəyirik. Qol epizodlarına görə sevinsəm də, istifadə etmədiyimiz üçün üzülürük. İnanıram ki, San Marino ilə matçda bu epizodları dəyərləndirə biləcəyik”.

Xatırladaq ki, Azərbaycan millisi növbəti yoxlama oyununu iyunun 9-da eyni stadionda San Marino yığmasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: