Ayxan Abbasov: “Sponsoru olmayan yalnız “Şamaxı”dır”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Belə stadionda oynamaq xoşdur. Əsl futbol ab-havası var idi. Önəmli qələbədir. Oyun olaraq da sevinirəm. İkinci hissədə üstün oynadıq. Rəqib əks-hücumda qol vurdu. Sevinirəm ki, komandam oyundan qopmadı. Son dəqiqələrdə rəqibin təzyiqi normal idi. Biz də dəyişikliklər edib onların qabağını aldıq. Məqsədə çatmaq üçün addım-addım irəliləyirik. Bura gələndə inanmışdım. Bir neçə futbolçu qazandırdıq. Bu gün gənc futbolçularımız meydanda daha inamlı çıxış edirlər. Qarşıdakı oyunlar bizim üçün vacib olacaq. Çünki turnir cədvəlində irəliləyə bilərik.

Fasilədə futbolçularımdan tempi yüksək tutmaqlarını tələb etdim. “Sumqayıt” tempin qalxmasını istəmirdi. İkinci zonada bizi gözləyib əks-hücuma çıxmaq istəyirdilər. Futbolçularım tempi yüksək tutdular. Cinahdan da gedişlərimiz alındı. Məni ən çox maraqlandıran futbolçuların mövsümün sonuna kimi bu tempi saxlamasıdır”.

Ayxan Abbasov növbəti mövsümdə klublara dövlətin ayırdığı vəsaitin məbləğinin azalacağı barədə suala da cavab verib:

“Sponsoru olmayan tək komanda “Şamaxı”dır. Qeyri-rəsmi olsa da, digərlərinin sponsoru var. Hətta 1-ci Liqadan gələcəyi gözlənilən “Qəbələ” və “İmişli”nin də sponsoru var. Əlbəttə, zərbə bizə dəyəcək. Biz də bunu sığortalamalıyıq. Gələn il üçün planlarımız var. Bütün klublar avrokuboklar üçün oynamamalıdır. Qarşımıza büdcəmizə uyğun hədəf qoyacağıq. Böyük məqsəd üçün böyük büdcə lazımdır. Həm komandanı Premyer Liqada saxlamaq, həm gənclərə şans vermək… Belə komandalar olsa, yeni futbolçular çıxacaq. Gənclər oynamalıdır. Komanda sayı çox olsa, gənclər oynasa, rəqabət olacaq. Hər kəs qarşısına məqsəd qoymalıdır. Bizim də məqsədimiz var. Gələn il də bu yolu davam etdirəcəyik”, deyə Ayxan Abbasov vurğulayıb.

“Hər pillənin öz qiyməti var” – Vaqif Cavadov

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Məğlub olmağımız üzücüdür. Hər iki hissədə yaxşı oyun nümayiş etdirdik. Komanda qalib gəlməyi çox istəyirdi, alınmadı. Rəqib komandanı təbrik edirəm. Bu il Sumqayıtdan 3 xal apara bildilər. Futbolçular da dərk etməlidir ki, mövsüm hələ bitməyib. Nə qədər üst pillələrdə qərarlaşsaq, onların yeni müqavilələrinə də yaxşıdır. Biz özümüz də futbolçu olmuşuq. Bir var 9-cu yerdən, bir var 5-ci yerdən futbolçu cəlb edirsən. Hər pillənin öz qiyməti var. Yenə də futbolçularıma təşəkkür edirəm. Ardıcıl qollar gözlənilməz oldu. Bu gün hər iki hissəni çox yaxşı oynadıq. 90 dəqiqə ərzində mübarizə apardıq”.

Vaqif Cavadov Rövlan Muradovun ehtiyatda qalmasının səbəbini də açıqlayıb:

“Mən gələnə kimi 18 oyunda əsas heyətdə meydana çıxmışdı. Bu matçların 11-də komanda qol vura bilməyib. Onun mövqeyində Sərtan Taşkın yaxşı oynayırsa, ona şans verməliyik. Gənc futbolçuya da şans verməliyəm ki, növbəti mövsümdə özünü sübut etsin. Rövlanla danışmışam, o, mənim üçün yaxşı futbolçudur. Öz vaxtını gözləməli və çalışmalıdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: