Hazırda “Turan Tovuz”u çalışdıran Ayxan Abbasov baş məşqçi kimi Azərbaycan çempionatlarında 50-ci qələbəsini qazanıb. Arena.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısının yubileyi Azərbaycan Premyer Liqasının 32-ci turuna təsadüf edib.
42 yaşlı mütəxəssisin yubileyi “Zirə” ilə səfər matçında gerçəkləşib. Onun komandası bu görüşdə 3:1 hesablı qələbəyə imza atıb.
Baş məşqçi karyerasına 2017-ci ildə məhz Zirənin eyniadlı təmsilçisində başlayan Ayxan Abbasov bu komandada 18, “Sumqayıt”da 24, “Turan Tovuz”da 8 dəfə üç xal sevinci yaşayıb. Onun 50-ci qələbəsi 155-ci matçına təsadüf edib.
Abbasov baş məşqçi kimi Azərbaycan çempionatları tarixində 50 və daha çox qələbə qazanan 22-ci mütəxəssis olub.
Ramil, Rahil və Kevinin “100”ü
Azərbaycan Premyer Liqasının 32-ci turu “Qarabağ”ın üç futbolçusu üçün də yubileylə əlamətdar olub. “Neftçi” ilə səfər oyunu (4:2) Ramil Şeydayevin Azərbaycan çempionatlarında 100-cü matçı olub. 27 yaşlı hücumçu bu qarşılaşmalarda 33 qol vurub. O, Premyer Liqada iki klubda – “Qarabağ” (72 oyun, 27 qol) və “Sabah”da (28 oyun, 6 qol) forma geyinib.
“Neftçi” ilə matç Rahil Məmmədovun da Azərbaycan çempionatında 100-cü oyunu olub. 28 yaşlı müdafiəçinin hesabında 1 qol var. O, “Neftçi” (32 oyun), “Səbail” (13 oyun), “Qarabağ” (48 oyun, 1 qol) və “Zirə”nin (7 oyun) formasını geyinib.
Kevin Medina isə 100-cü dəfə “Qarabağ” forması ilə meydana çıxıb. 30 yaşlı kolumbiyalı müdafiəçi bu görüşlərdə 2 qola imza atıb. O, Premyer Liqada 63 (1 qol), kubokda 8, avrokuboklarda 29 (1 qol) dəfə meydana çıxıb.


