Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Malta yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, Azərbaycan milli komandası sabah Macarıstanın Sombatxey şəhərində Malta yığması ilə üz-üzə gələcək.
Ayxan Abbasov bu gün baş tutmuş mətbuat konfransında UEFA Millətlər Liqasına hazırlıq xarakteri daşıyan bu toplanışın əhəmiyyətindən danışıb. O, qarşıdakı matçlarda həm bütün oyunçuları sınaqdan keçirmək, həm də qələbə qazanmaq istədiklərini vurğulayıb:
“Bu, UEFA Millətlər Liqasından əvvəlki son toplanışımızdır. Ağır mövsümün ardından futbolçuların belə istəkli, inamlı olmaları bizi sevindirdi. Burada iki yoxlama görüşü keçirəcəyik. Bütün futbolçuları iş başında görmək niyyətindəyik. Qarşıdakı görüşlərdə həm yaxşı oyun, həm də uğurlu nəticə görmək istəyirik. Həm Bakıdakı, həm də buradakı məşqlər bu baxımdan bizə inam verdi. Yoxlama görüşü olsa da, hər iki qarşılaşmada qalib gəlməyə çalışacağıq. İnanıram ki, sabah maraqlı və sürətli oyun olacaq”.
Millinin baş məşqçisi ilk dəfə olaraq, matçdan bir gün öncə start heyətini də açıqlayıb:
“Buraya 25 futbolçu, 3 qapıçı ilə gəlmişik. Sabah Emil Balayev qapıda olacaq. Müdafiədə Anton Krivotsyuk, Bədavi Hüseynov, Elvin Bədəlov, cinahlarda Qismət Alıyev, Elvin Cəfərquliyev, orta xətdə Aleksey İsayev, Emil Səfərov, hücumda Toral Bayramov, Xəyal Əliyev və Mahir Emreli ilə çıxış edəcəyik. Yenilik olsun deyə, heyəti dedik. İkinci matçda fərqli “11-lik”lə meydana çıxacağıq”.


