Azər Bağırov: “İkinci hissədəki xırda səhvlərə görə uduzduq”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlax şəhər stadionunda baş tutmuş görüşü “Kəpəz”in 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azər Bağırov matçdan sonra baş tutmuş mətbuat konfransında komandasının məğlubiyyətinə belə şərh verib:

“Mənim üçün çox maraqlı oyun oldu. Meydanda yaxşı mübarizə getdi. Birinci hissədə meydanda 7 yerli futbolçumuz var idi. Bu, yerli futbolçuların inkişafı üçün çox yaxşıdır. İkinci hissədəki xırda səhvlərə görə uduzduq. Həmişə deyirəm, belə səhvlər etməməliyik. Əksinə rəqibi səhv etməyə məcbur etməliyik. “Zirə”ni təbrik edirəm.

Zədəli futbolçuların durumuna gəlincə, Mahamadu Banın zədəsi bir həftə çəkər. Luis Paçunun növbəti oyuna hazır olacağını düşünürəm. Sadiq Şəfiyev iki gün sonra məşqlərə başlayacaq.

Kaçper Rosa ilə yollarımızı ayırmamışıq. Hələ ki, bizimlədir.

Şahmar Aşurov çalışqan futbolçudur. Çalışqanlığı onun bu gün həyətdə olmasının səbəbidir. Amma çatışmayan cəhətləri var. Üzərində işləyir”.

Xəbəri sosial şəbəkələrdə paylaş: