Azər Bağırov: “Sonuncu pilləni tərk etmək əsas hədəfimiz deyil”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, bu gün Yevlaxda baş tutmuş oyun Gəncə təmsilçisinin 2:1 hesablı səfər qələbəsi ilə başa çatıb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün çətin oyun oldu. “Karvan”ın daha mübariz oyun göstərəcəyini bilirdik. Gördük ki, səfərdə azarkeşlərin qarşısında oynamaq nə qədər çətindir. Maraqlı matç oldu. Çoxlu qol epizodları yaratdıq. Təəssüf ki, bunları reallaşdırmaqda problemimiz var.

Ümid Səmədovun topu qapı xəttindən çıxarması matçın qırılma nöqtəsi oldu. O andan sonra futbolçularımızda daha çox inam yarandı. Daha sonra istədiyimiz qolu vurduq. Bunu birinci hissədə etməliydik. Çünki daha çox epizodlar yaradırdıq. Təcrübəsizlik öz sözünü deyir”.

Azər Bağırov “Kəpəz”in də bundan sonra ev oyunlarını Yevlaxda keçirməyə qərar verməsini və bu arenanın ot örtüyünü belə dəyərləndirib:

“Birinci oyun üçün ot örtüyü pis deyil. Burada oynamağa qərar verməyimizin səbəbi məsafənin yaxın olmasıdır. Gəncədən Qəbələyə 3 saatlıq yoldur, Yevlaxa isə 40-45 dəqiqə. Uyğunlaşmağa ehtiyac olmur.

Hər oyunda xallar üçün mübarizə aparacağıq. Fikrimcə, daha yaxşı yerlər uğrunda mübarizə apara bilərik. Sonuncu pillədən qurtulmaq şərt deyil”.

Xəbəri sosial şəbəkələrdə paylaş: