Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil olunmuş reytinq turnirində mübarizə aparırlar.
Arena.az xəbər verir ki, yanvarın 14-nə qədər davam edəcək reytinq turnirində 26 güləşçimiz qüvvəsini sınayır.
Bu gün daha 3 güləşçimiz mübarizəyə qoşulub. Amma onların çıxışı uğursuz alınıb:
Sərbəst güləş
125 kq
Vaxit Qalayev ilk mərhələdə misirli Diaeldin Abdulmutallibə (3:2) qalib gəlsə də, 1/8 finalda amerikalı Meyson Parrisə məğlub olub – 4:15.
Bu çəkidəki digər təmsilçimiz Georgi Meşvildişvili 1/8 finalda gürcüstanlı Solomon Manaşviliyə qalib gəlib – 7:5. 1/4 finalda iranlı Əmirrza Valadiyə (4:8) uduzan təmsilçimiz təsəlliverici görüşdə gürcüstanlı Givi Matçaraşvilini mübarizədən kənarlaşdırıb – 2:1. Meşvildişvili bürünc medal uğrunda Parrislə güləşib və 2:5 hesabıyla məğlub olub.
Qadın güləşi
55 kq
Gültəkin Şirinova 1/4 finalda ukraynalı Mariya Vinnikə məğlub olub – 3:14.
Xatırladaq ki, ötən gün çıxış edən 7 sərbəst güləşçidən 3-ü – Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal qazanmışdılar.


