Futbol üzrə Azərbaycan kubokunun 2022/2023 mövsümündə yarımfinal mərhələsinin ilk oyunlarında bütövlükdə 6 qol qeydə alınıb. Arena.az xəbər verir ki, “Qəbələ” “Səbail”i 3:2, “Turan Tovuz” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.
Bu, yarımfinalın ilk oyunları üçün son 14 mövsümün rekordunun təkrarıdır. Bu müddətdə daha iki dəfə (2015/16 və 2016/17) eyni sayda qol vurulub.
Daha çox topun qeydə alınmasına sonuncu dəfə 2008/2009 mövsümündə təsadüf olunub. Həmin vaxt ilk qarşılaşmalarda komandalar 8 dəfə fərqləniblər. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə üstələyib.
Yarımfinalın ilk oyunları üçün mütləq rekord 1994/95 mövsümünə məxsusdur. Həmin matçlarda 9 qol qeydə alınıb.
Yeri gəlmişkən, “Neftçi” Azərbaycan kubokunda 20-ci səfər məğlubiyyətini alıb. Bu, yarımfinalın “Turan Tovuz”la ilk oyununa təsadüf edib.
Bakı klubu rəqib meydanında 0:1 hesabı ilə uduzub. “Ağ-qaralar” ölkə kubokunda 78-ci səfər görüşündə 20-ci yenilgiyə üzülüb. Bunlardan yeddisi yarımfinal, doqquzu 1/4 final, üçü 1/8 final, biri 1/16 finala təsadüf edib.
Xatırladaq ki, “Neftçi” ölkə kubokunda ümumilikdə 38-ci məğlubiyyətini alıb. Bunlardan 14-ü evdə, 4-ü neytral meydançada yaşanıb.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları aprelin 25-də və 26-da keçiriləcək. İlk oyun günündə “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. Son oyun isə “Səbail” və “Qəbələ” komandaları arasında keçiriləcək. Bu oyun da Bayıldakı “ASCO Arena”da baş tutacaq. Ölkə kubokunun həlledici qarşılaşması isə iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.


