Azərbaycan millisi 4-cü dəfə Avropa çempionu oldu!

Sərbəst güləşçilərdən ibarət Azərbaycan millisi Albaniyada təşkil olunmuş U-23 Avropa çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışına martın 10-da yekun vurulub.

Millimiz rekord göstəricilərlə ardıcıl 4-cü dəfə komanda hesabında Avropa çempionu olub.

İlk dəfə 2022-ci ildə U-23 Avropa çempionatında titula sahib çıxmış sərbəst güləşçilərimiz artıq 4 ildir ki, baş mükafatı özündə saxlayır. Budəfəki uğur rekord göstəricilərlə əlamətdar olub. Millimiz həm topladığı xala, həm medalların, həm də finalların sayına görə öz rekordunu yeniləyib.

Belə ki, Azərbaycan millisi ilk dəfə bu yarışda 10 çəkidən 9-da medal qazanıb. İlk dəfə 5 sərbəst güləşçimiz qitə birinciliyinin finalında güləşib. Komandamız yekun sıralamada 169 xalla toplamaqla özünün yeni xal rekordunu müəyyənləşdirib. Millimiz ən yaxın izləyicisi olan Türkiyəni 52 xal qabaqlayıb. Ukrayna 104 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, millinin tərkibində Arseniy Djioyev (86 kq) Avropa çempionu olub. Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş medalla kifayətləniblər. Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: