Azərbaycan millisi son turda Farer adaları ilə üz-üzə

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün son oyununa çıxacaq.

Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi millimiz qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində Farer adaları yğması ilə qarşılaşacaq.

Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq görüşün start fiti 19:00-da səslənəcək. Qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək. Görüşdə ədalət təmsilçisi Lovisa Yohansson olacaq.

Xatırladaq ki, Azərbaycan millisi beş turdan sonra 13 xalla qrupa liderlik edir. Komandamız nəinki qrup liderliyini təmin edib, hətta C Liqasından B Liqasına yüksəlib. Autsayder Farer adaları isə hələ xal hesabını aça bilməyib. Güman ki, millimiz bu görüşdə də qələbə qazanmaqla rəqibləri ilə xal fərqini daha da artıracaq. Son tur ərəfəsində qrupdakı digər rəqiblərimizdən Monteneqro yığmasının 9, Kipr seçməsinin isə 7 xalı var.

Yeri gəlmişkən, bu gün qrupumuzun digər oyununda Monteneqro doğma meydanda Kiprlə münasibətlərinə aydınlıq gətirəcək. Bu oyun da millimizin matçı ilə eyni saatda başlayacaq.

Millimiz bu seçmə mərhələnin yalnız ilk turunda Kiprlə ev oyununda qələbə qazana bilməyib. Həmin oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Sonrakı turlarda isə komandamız Monteneqroya səfərdə 1:0, evdə 3:0, Farer adalarına səfərdə 2:1, Kiprə 1:0 hesabıyla qalib gəlmışdı.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
5 dekabr

Azərbaycan – Farer adaları
Baş hakim: Lovisa Yohansson (İsveç).
Baş hakimin köməkçiləri: Kamilla Stendal, Yilan Taher (İsveç).
Dördüncü hakim: Maral Mirzai Ben (İsveç).
Bakı. “Dalğa Arena”. Saat 19:00.

Xal: Azərbaycan – 13. Monteneqro – 9. Kipr – 7. Farer adaları – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: